Paşinyanın sualı əslində yalnız şəxsi deyil, institusional bir məsələdir. Əgər bir şəxs monastır həyatı seçib, ali dini vəzifə daşıyırsa, onun şəxsi həyatında da bu prinsiplərin qorunması gözlənilir. Katolikosun övladı olub-olmaması yalnız şəxsi məsələ deyil, dini institutun daxili dürüstlüyünü müəyyən edən əsas göstəricidir. Paşinyan bu sualı cəmiyyətə deyil, əslində bir sistemə – ikiüzlülüyü adətə çevirmiş dini rəhbərliyə yönəldib.
Üçmüədzinin reaksiyası isə bu ritorikanın hədəfə dəydiyini göstərir. Geri addım atmayan, lakin açıq cavab da verməyən kilsə, sadəcə “çağırış” edir və bu çağırışın konkret ünvanı yoxdur. “Əlaqədar orqanlar” dedikdə kimlər nəzərdə tutulur? Hüquq-mühafizə orqanları, yoxsa siyasi institutlar? Bu qeyri-müəyyənlik bir gerçəyi üzə çıxarır – Ermənistanda kilsə artıq vəziyyəti nəzarətdə saxlaya bilmir və müdafiə mövqeyinə sıxışdırılıb. O, açıq tənqidə cavab verə bilmədiyindən, sadəcə simvolik bəyanatlarla vəziyyəti yumşaltmağa çalışır.
Kilsənin açıqlamasında yer alan “süni gündəmlər” ifadəsi də Paşinyanın sualını əhəmiyyətsizləşdirmək cəhdidir. Halbuki bu sual sadəcə şəxsi təfərrüat deyil, institutun legitimliyini müəyyənləşdirən əsas məsələlərdəndir. Əgər bir dini rəhbər öz təliminə və öhdəliklərinə zidd həyat tərzi sürürsə, bu, artıq şəxsi məsələ olmur. Bu, ictimai etibar və dini dürüstlük probleminə çevrilir.
Bütün bu proseslər göstərir ki, Nikol Paşinyanın məqsədi yalnız siyasi mübarizə deyil. O, Ermənistanı yeni idarəetmə mərhələsinə doğru aparmaq istəyir. Bu yolda dini institutların siyasi oyunlardan çıxarılması, onların gerçək funksiyası olan dini və mənəvi xidmətlərlə məhdudlaşdırılması əsas hədəflərdən biridir. Ermənistanda kilsənin tarixən müxalif qüvvələrlə yaxınlıq nümayiş etdirməsi, mitinqlərdə aktiv iştirakı və siyasi ritorika aparması, onu sırf dini qurumdan daha çox siyasi alətə çevirmişdi. Paşinyan bu cür alətlərin qarşısını almaqla həm də siyasi ədaləti və balansı təmin edir.
Ermənistanda kilsənin susqunluğu və konkret faktlara cavab verməməsi isə onu cəmiyyətin gözündə daha da zəiflədir. Dəyişməyə, şəffaflığa və özünü tənqidə açıq olmayan bir dini institut müasir dövlət modelində yerini itirəcək. Paşinyan bu reallığı anlayır və bu səbəbdən açıq və ictimai yönümlü siyasət aparır. Onun bu hücumu şəxsi deyil, institusional və strateji xarakter daşıyır.
Ermənistanın qarşısında duran əsas seçim, əsrlərdir toxunulmaz kimi qorunan qurumların real nüfuzunu və fəaliyyətini sorğulamaqdır. Paşinyan bu sorğunu başladı və artıq geri dönüş yoxdur. Əgər erməni kilsəsi bu çağırışı anlayıb, öz daxilində islahata getməzsə, bu, onun siyasi və ictimai nüfuzunun tam itirilməsi ilə nəticələnəcək.
Aqil Məmmədov
Ordu.az